Kürd qızı Hollandiyanın yeni baş naziri olacaqmı | TƏHLİL

   Kürd qızı Hollandiyanın yeni baş naziri olacaqmı    | TƏHLİL
  22 Noyabr 2023    Oxunub:3733
Bu gün Niderlandda növbədənkənar parlament seçkiləri keçirilir. “Zanbaqlar ölkəsi”ndə heç vaxt siyasi partiya qıtlığı olmayıb. Buraxılan parlamentdə 20 siyasi qüvvə təmsil olunurdusa, indiki seçkilərdə yeni qanunverici orqana daxil olmaq üçün 26 partiya mübarizə aparır. Proqnozlara görə, onlardan 18-nin mandat almağa real şansı var.
Parlamentdə bu cür çoxpartiyalılığa son dərəcə aşağı baryerin sayəsində nail olunub: yerli seçki qanunvericiliyinə görə, bir partiyaya mandat əldə etmək üçün cəmi 0,67% səs toplamaq kifayət edir. Ona görə də, heç bir siyasi partiyanın 150 yerlik patlamentin aşağı palatasında 76 yer qazana bilməməsi təəccüblü deyil. Nəticədə ölkə həmişə koalisiyalarla idarə olunub. Dörd partiyanın daxil olduğu sonuncu hökumət iyul ayında miqrasiya siyasəti ilə bağlı “barışılmaz fikir ayrılıqları” fonunda dağıldı.

Baş nazir kimi 13 il ərzində dörd müxtəlif koalisiyaya rəhbərlik etmiş Mark Rutte yenidən namizəd olmayacağını və yeni kabinet formalaşdıqdan sonra Hollandiya siyasətini tərk edəcəyini açıqlayıb. Hələliksə hökumətə müvəqqəti başçılıq edəcək. Əvvəlcə cənab Rutte uzun siyasi karyerasını bitirdikdən sonra müəllimliyə başlamaq niyyətində olduğunu söyləsə də, sonradan etiraf etdi ki, “beynəlxalq arenada işləməkdə” maraqlıdır və NATO-nun yeni Baş katibi olmaq istəyir.

Amma hazırda aktual sual Mark Ruttenin Yens Stoltenberqin varisi olub-olmayacağı yox, Hollandiyanın yeni baş nazirinin kim olacağıdır. Siyasi analitiklərin bu barədə heç bir dəqiq proqnozları yoxdur. Seçkiqabağı sorğuların əksəriyyətinə inansaq, koalisiya yaratmaq üçün azı üç partiyaya ehtiyac olacaq. Əsas məsələ isə siyasi qüvvələrdən hansının hökumət qurmaq üçün kart-blanş alacağıdır.

2010-cu ildən bəri Hollandiya parlamentində əsas yerləri ardıcıl olaraq liberal sosialistlər ilə Azadlıq və Demokratiya Uğrunda Mühafizəkar Xalq Partiyası (VVD) tutur. VVD-yə hazırkı ədliyyə naziri Dilan Yeşilgöz-Zegerius rəhbərlik edir. O, bu vəzifədə Mark Rutteni əvəz edib və ölkənin ilk qadın baş naziri olmaq niyyətindədir.


Yeşilgöz-Zegeriusun anası türk, atası isə kürddür. Əslən Türkiyənin Tunceli vilayətindəndir. Anası Fatma Özgümüş Hollandiya Mühacir Təşkilatının (VON) direktorudur. Solçu həmkarlar ittifaqının üzvü olan atası Yücel Yeşilgöz 1980-ci il 12 sentyabr çevrilişindən sonra Türkiyədən qaçaraq Hollandiyaya sığınıb. 1984-cü ildə 7 yaşında olan Dilan Yeşilgöz anası və bacısı ilə birlikdə qayıqla Yunanıstanın Kos adasına qaçıb. Daha sonra oradan Hollandiyaya köçüb.

Növbədənkənar seçkilər elan edildikdən sonra VVD bir neçə ay ərzində şəksiz favorit hesab olunurdu. O, immiqrantlara ölkədə on il yaşadıqdan sonra Hollandiya vətəndaşlığı vermək, kirayə haqlarını azaltmaq və şəxsi mənzil tikintisini stimullaşdırmaq təklifləri ilə çıxış edirdi. Bununla belə, noyabra doğru bir çox sorğular səsverməyə cəmi üç ay qalmış yaradılan mərkəzçi “Yeni Sosial Müqavilə” (NSC) partiyasına üstünlük və ya ən azı bərabər sayda (hər biri 18%) səs vəd etməyə başladı. Yeni partiyaya son 20 ildə parlamentin üzvü olmuş 49 yaşlı Peter Omsiqt liderlik edir.

Baş nazirliyə iki əsas namizəd: Dilan Yeşilgöz və Piter Omsiqt

Yaxın keçmişdə o, uşaqların müavinəti ilə bağlı “fırıldaqçılıq” qalmaqalında həqiqətin üzə çıxarılmasında əsas rol oynayıb. O zaman məlum olmuşdu ki, əsasən etnik azlıqlardan olan 20.000 nəfər bu subsidiyaları fırıldaq yolu ilə əldə etməkdə haqsız yerə günahlandırılıb. Bu isə 2020-ci ilin sonunda Mark Ruttenin üçüncü hökumətinin dağılmasına gətirib çıxardı. Həmin vaxt hakim koalisiyaya cənab Omsiqtin də üzv olduğu Xristian Demokratik Çağırış (CDA) partiyası da daxil idi.

Qalmaqala rəğmən yenidən seçilən baş nazir Rutte və partiyası koalisiya ortaqlarının siyasi isteblişmentə qarşı çıxmasını bağışlamadılar. Odur ki, cənab Omsiqt CDA-nı tərk edərək müstəqil millət vəkili oldu. Amma bu situasiya onu zəiflətmədi, əksinə, xalq arasında “haqq uğrunda mübariz” imici qazandırdı. Hazırkı səsvermə ərəfəsində onun rəhbərlik etdiyi siyasi qüvvənin populyarlığının sürətlə artmasına da bu səbəb oldu. Gözlənilməz favorit "yaxşı idarəçiliyə" diqqət yetirəcəyini, immiqrasiyanı azaldacağını, vergi islahatı aparacağını və aztəminatlı ailələrin maliyyə təminatını yaxşılaşdıracağını vəd etdi.

Lakin Peter Omsiqtin özü baş nazir olmaq istəmir. “Mən Haaqanın siyasətçilərin başına nə oyun açdığını görürəm: o, adamı həftənin 7 günü, günün 24 saatı işlədə bilər. Mənimsə ailəm qarşısında öhdəliyim var və bu, çox vacibdir”,- dörd uşaq atası bu yaxınlarda verdiyi müsahibədə qeyd edib. O etiraf edib ki, "arabvir futbol meydançasında, kilsədə və ya məktəbdə olmağa davam etmək istəyir”.

Omsiqtin geri çəkilməsi baş nazir postuna digər namizədləri ruhlandırıb. Xanım Yeşilgöz-Zeqeriusla yanaşı, Avropa Komissiyasının keçmiş vitse-prezidenti Frans Timmermans da bu posta iddia edir. Leyborist Partiyası və “Yaşıl Sol” iyul ayında onun liderliyi altında birləşərək, PvdA-GL sol alyansını yaradıblar. Reytinq sorğuları assosiasiyaya təxminən 16% səs vəd edir.


Rəy sorğularına görə, yarışda dördüncü yeri 12% səslə tanınmış ifrat sağçı Gerta Vildersin Azadlıq Partiyası (PVV) tutur. İmmiqrasiya siyasətinin yenidən ön planda olması fonunda bu qüvvə ikinci nəfəs əldə edib. Çoxlarının uzun müddət məsafə saxladığı bu partiya indiki seçkilərdə koalisiya partnyoru kimi məqbul görünmək üçün anti-islam ritorikasını bir qədər yumşaldıb. Məsələn, ölkədə ayrıca “reimmiqrasiya və islamsızlaşdırma” nazirliyi yaratmaq planlarından imtina edib. Partiyanın əvvəlki proqramında yer alan “İslam din deyil, totalitar ideologiyadır” ifadəsi isə bu hissə ilə əvəz edilib: “Biz Hollandiyada daha az islam istəyirik. Buna daha az qeyri-qərb immiqrasiyası və sığınacaq üçün müraciətlərin təmin edilməsinə tam qadağa qoyulması yolu ilə nail olacağıq".

Peter Omsiqt ifrat sağçılarla ittifaqın mümkünlüyünü əvvəlcədən rədd edib. Amma hakim VVD hələlik bu ittifaqı istisna etməyib. Bununla da çoxlu seçici cəlb edib.

Noyabrın 22-də səsvermənin nəticələri elan edildikdən sonra vəziyyətin tezliklə aydınlaşacağı ehtimalı azdır: Hollandiyada yeni koalisiyanın yaradılması adətən 94 gün çəkir. Sonuncu nazirlər kabineti isə 299 gün ərzində formalaşmağa çalışaraq, rəsmi səlahiyyət müddətinin bitməsinə iki il qalmış dağılmışdı...

Tariyel Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti